“Global Fəraripower” - Ədalət Verdiyevin yazısı

// Fərari erməni ordusunun reytinqi hansı məntiqlə 19 pillə irəli çəkilib?!

      “Global Fəraripower”    - Ədalət Verdiyevin yazısı
  30 Yanvar 2022    Oxunub:5009
Məşhur “Global Firepower” reytinqi 2021-ci il üçün ölkələrin hərbi güclərinin sıralamasını yayımlayıb. Azərbaycan bu siyahıda 138 ölkə arasında 63-cü yerdə, Xorvatiya və Qazaxıstanın arasındadır. Xorvatiya ordusunun Azərbaycandan əvvəlki pillədə yerləşməsi haradasa başadüşüləndir, amma Qazaxstan ordusunun Azərbaycan Ordusundan sonra gəlməsi böyük şübhələr doğurur. Bunu yanvarın ilk həftəsində bir ovuc təxribatçıya cavab vermək üçün Qazaxstana xarici ölkə ordularından ibarət hərbi kontingentin dəvət edilməsi faktı da sübut edir.
Ermənistan Ordusu isə bu siyahıda 96-cı yerdə qərarlaşan İrlandiya və 98-cı yerdəki Bəhreyn orduları arasında 97-ci yerlə mükafatlandırılıb. “Global Firepower” nəşrinin dərc etdiyi dünya ölkələrinin hərbi gücünün reytinq cədvəlində müharibədən əvvəl 112-ci yerdə olan Ermənistanın sonrakı ildə 100-cü, bu il isə 97-ci pilləyə yüksəldilməsi məhz bu təşkilatın erməni sevdasından xəbər verir.

Bu mövzuda 3 ay əvvəl dərc olunan məqaləmdə rəsmi qurumlarımızdan, xüsusilə də Müdafiə Nazirliyinin cavabdeh qurumlarından heç birinin “Global Firepower” nəşrinin erməni sevdasına nəinki rəqəmlərlə ifadə olunan tutarlı cavab vermədiyini və bu məsələ ilə bağlı həyəcan təbilini çalmadığını, hətta bu saxtakarlığa sadəcə münasibət bildirmədiyini yazmışdım. Bəzi səlahiyyətlilərimiz üzərlərinə düşən vəzifəni icra etmək üçün bu günə qədər kimdənsə impuls gözləyirlər. Aidiyyatlı qurumun hüquqşünasları Əsgərimizin qanı və canı bahasına darmadağın etdiyi erməni ordusunun gözümüzün önündə hər keçən gün dirçəldilməsi istiqamətində atılan addımlara səssiz qalmaqda davam edirlər.

“Global Firepower” nəşri qalib Azərbaycan Ordusunun Vətən Müharibəsindən sonra sərf etdiyi sursat və raketlərin tədarükünü başa çatdırmasını, yeni aviasiya vasitələri əldə etməsini, silah sistemlərinin tədarükünü davam etdirməsini, yeni qoşun növü, yeni ordu birliyi və Komando hissələri yaratmasını, Qarabağda və Şərqi Zəngəzurda yeni mühüm hərbi infrastruktur layihələri həyata keçirməsini, azad olunan ərazilərdə çəkilən və Ordumuzun manevr imkanlarını artıran 700 km maqistral yolların və 3 hava limanını inşasını görməzliyə vurmaqla Azərbaycana qarşı aşkar ədalətsizlik edirlər. Bu nəşr Azərbaycan Ordusunu yerində sayan, məğlub və fərari erməni ordusunun qalıqlarını isə “inkişaf edən ordu” kimi dünyaya sırımağa çalışır. Buna istər vətəndaş, istərsə də məsul şəxs kimi necə səssiz qala bilərik?

Bəzi vəzifəli şəxslərin bu istiqamətdəki passivliyi nə qalib Azərbaycan xalqına, nə də qalib Ordumuzun nüfuzuna yaraşır. Qalib tərəf kimi əlimizdə erməni ordusunun bərbad vəziyyətdə olduğuna dair kifayət qədər ciddi və vizual faktlar mövcuddur. Onlardan istifadə etməli, bu tip ermənipərəst nəşrlərin ifşasında tərəddüd etməməliyik. Mən də daim bu işlə məşğul olan şəxslərin yanındayam.

“Global Firepower” nəşrinin dərc etdiyi cədvəl “hərbi gücün reytinqi” adlanır, yəni burada əsas meyar kimi ölkənin döyüş potensialı götürülür. Nəşr reytinq indeksinin 50-dən çox müxtəlif göstəricilər əsasında tərtib etdiyini bildirir. Əsas meyar olaraq orduların şəxsi heyətinin, tankların, gəmilərin, təyyarələrin və digər hərbi texnikanın sayı ilə yanaşı, ordunun maliyyələşdirilmə səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu, yanacaq-sürtkü məhsullarının ehtiyatı və ordunun döyüş effektivliyinə təsir edən digər amillər nəzərə alınır. İndi sual edirəm: Bu meyarlar arasında nəinki ölkəsini, hətta özünü müdafiə edə bilməyən Ermənistan ordusunun tör-töküntülərinin iki ildə 19 pillə irəli çəkilməsini təmin edən hansı amillər olub?

Ermənistan keçən il məruz qaldığı 60 faizə qədər şəxsi heyət itkilərinin 30 faizini, 30-70 faiz arasında dəyişən texnika itkilərinin heç 15 faizini bərpa edə bilməyib. Bərpa prosesi baş verməyibsə, reytinqdə irəlləmə deyil, geriləmə olmalı idi, çünki Ermənistan Ordusunun döyüş potensialı ən azı 30 faizlik geriləməyə malikdir. Azərbaycan Əsgəri tərəfindən son 1 il ərzində ərazilərimizdən dəfələrlə şillə-təpiklə çıxarılan və sərhədlərini qorumaq üçün digər ölkələrə yardım üçün yalvaran erməni ordusunun reytinqinin 19 pillə yüksəlməsi həqiqətən də heyrət doğurur. Doğrudanmı ordumuzun rəhbərliyi üçün bu reytinq cədvəli ilə bağlı araşdırma aparılması, nəşrin nümayəndələrinə əsaslandırılmış etiraz məktubunun göndərilməsi ilə bağlı göstəriş verməsi çətin məsələdir? Niyə biz hansısa nəşrin fərari erməni ordusunun süni şəkildə “inkişaf edən ordu” kimi beynəlxalq ictimaiyyətə təqdim edilməsinə, Ordumuzun isə guya “yerində saymasına” səssiz qalmalıyıq? Səssizlik razılıq əlamətidir. Odur ki, aidiyyatlı vəzifəli şəxslər bu məsələyə ciddi yanaşmalıdırlar.

Azərbaycan Ordusu tərəfindən azad edilən 10 min kv.km ərazini, döyüşlərdə məhv edilən və zərərsizləşdirilən 15 min erməni hərbçisini, sıradan çıxarılan yüzlərlə düşmən texnikasını, 10 min erməni əsgərinin fərarilik faktını və 2000 başqa qanun pozuntularına görə Ermənistan ordusunda açılan cinayət işlərini “Global Firepower” nəşrinin rəhbərliyinin gözünə soxmaq borcumuzdur.

Döyüşlərdə məğlub olan, kapitulyasiya aktına imza atan, sərhədlərinin qorunmasını başqa ölkəyə etibar edən, hər döyüş günündə onlarla texnika itirib geri çəkilən, minlərlə fərarai ilə “21-ci əsrin fərari ordusu” tituluna malik olan və yerləşdiyi döyüş mövqeyindən şillə-təpiklə qovulan Ermənistan ordusunun hətta bir meyar üzrə irəliyə addım atması belə sağlam düşüncəyə və məntiqə sığmır.

“Global Firepower” nəşrinin reytinq indeksi Ermənistan ordusunun “inkişafını” göstərməklə bərabər, Azərbaycana Ordusuna qarşı əks təbliğat məqsədli əxlaqsız kampaniyadır. Bu çirkin fəaliyyətlərinin qarşısını almaq üçün uyğun qurumlarımız ləngimədən birgə fəaliyyətə keçməli, lazım olsa, fəaliyyətlərini tükiyəli həmkarları ilə uzlaşdırmalı, “Global Firepower” nəşrinin erməni sevdasını ifşa etməli, Ordumuzun layiq olduğu və haqq etdiyi mövqedə yerləşməsinə nail olmalıdırlar. Zəruri tədbirlər görülməlidir ki, yerindən duran sərsəm Azərbaycan Ordusunun Qələbəsinə kölgə salmağı ağlından keçirməsin. İctimaiyyət isə bu istiqamətdə fəaliyyət göstərən qurum və şəxslərə dəstəyini əsirgəməməlidir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Ordu   Hərb  





Xəbər lenti